Azərbaycan 2020-ci ildə bir çox ictimai-siyasi xadimlərini də itirdi. Bir çox xalq artisti, alim, deputatlar indi yalnız xatirələrdə yaşayır. Hafta.az bu il vəfat edən bəzi məşhurlarımızı bir daha yad edir:
Fəttah Heydərov, Milli Məclisin deputatı

Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov avqustun 4-də vəfat edib. Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbazar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.
1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri olub.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.
1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) çağırış Milli Məclisinin deputatı olub. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı seçilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri idi.
SSRİ-nin “Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.
20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 22 fevral 2013-cü ildə “Şərəf” ordeni, 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.
Ədilə Namazova, professor, akademik

Dekabrın 16-da Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Tibb elmləri doktoru, professor, akademik Ədilə Namazova ömrünün 94-cü ilində dünyasını dəyişib.
Azərbaycanın ilk qadın pediatr alimi Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.
Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.
1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi alıb. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seib. Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Adilə Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Ədilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. Ə.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Ədilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olub.
Ə. Namazova “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Rafiq Əliyev, xalq artisti

Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olmuşdur. 1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağrılmış və 3 il hərbi xidmət etmişdir. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olunmuş, 1970-cu ildə oranı bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunmuşdur.
Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaratmışdır. Bunlardan "Bumbaraş"da Bumbaraş, "Üç muşketyor"da Aramis, "Təmas"da Andrey, "Müsyö Jordan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratino"da Karabas-Barabas, "Buraxılış gecəsi"ndən Gena, "Müfəttiş"də Dobçinski, "Keçən ilin son gecəsi"ndə Süleyman, "Quyu"da Akif və başqa obrazları qeyd etmək olar. Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilmişdir.
2004-cü ilin mayından ömrünün sonunadək Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsində çalışmışdır. 16 aprel 2020-ci ildə Bakıda uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Rauf Yusuf Babayev, xalq artisti

Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda Leninakanda (Gümrü) anadan olmuşdur.Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.
1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır.O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləmişdir.
Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.
Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat etmişdir.İkinci fəxri xiyabanda dəfn olunmuşdur.
Rəfael Dadaşov, xalq artisti

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Aktyor Məlik Dadaşovun və Sofa Hüseynovanın oğludur. Aktyor Salman Dadaşovun qardaşı oğludur.
Aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əjdər Həmidov, xalq artisti

Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynamışdır.
Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanmışdır.
Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaratmışdır.
Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildəvə 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Əjdər Həmidov 2020-ci il noyabr ayının 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib
Faiq Abdullayev, Əməkdar rəssam

Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin keçmiş müəllimi, Əməkdar rəssam Faiq Abdullayev 2020-ci il 28 oktyabr tarixində, 75 yaşında vəfat edib. Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Gəncə şəhər 23 saylı orta məktəbi bitirib. Təsviri sənət üzrə ilk ixtisas təhsilini Gəncə şəhər Uşaq rəssamlıq məktəbində alıb. 1963-1968-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub. 1969-1976-cı illərdə V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbində sənaye incəsənəti ixtisası üzrə təhsil alıb.
1985-1986-ci illərdə Məhsəti Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunda rəsm müəllimi, 1986-1991-ci illərdə Gəncə şəhər Arxitektura və inşaat şöbəsində rəssam, Gəncə şəhər Uşaq rəssamlıq məktəbində direktor (1996-1997) vəzifəsində çalışıb. 1997-1998-ci illərdə Gəncə şəhər Tərtibat, reklam və dizayn şöbəsində rəssam işləyib.
Faiq Abdullayev 1998-1999-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz” bədii yaradıcılıq istehsalat mərkəzində rəssam kimi fəaliyyət göstərib. O, həmçinin 1999-2011-ci illərdə Gəncə şəhər Uşaq rəssamlıq məktəbində müəllim kimi çalışıb.
Rəssamın Bakı (1995), Şəmkir (2015) və Gəncə (2015) şəhərlərində sərgiləri təşkil olunub. Fırça ustasının 2003-cü ildə Ukraynanın Odessa şəhərində sərgisi keçirilib.
Ölkəmizin və Ukraynanın fəxri fərmanlarını alana layiq görülən Faiq Abdullayev 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar rəssam” fəxri adını alıb.
Mayis Ağabəyov, xalq rəssamı

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur. Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir. O, "Babək", "Nəsimi", "Nizami" filmlərinin də bədii rəssamı olub.
Atabala Səfərov, əməkdar artist

1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972-1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür. Azərbaycanın əməkdar artisti Atabala Səfərov 20 dekarbrda vəfat edib. Aktroy ürək çatışmazllığından əziyyət çəkirdi.